Vergiler.az

İnnovasiya sahəsində daha bir yenilik: e-pasport

 


   Məlum olduğu kimi, Azərbaycanın yeni nəsil şəxsiyyət vəsiqəsinin (biometrik pasport)  ilk nümunəsi ötən həftə Prezident İlham Əliyevə təqdim edildi. Bununla da ölkəmizdə biometrik pasportların verilməsi prosesinə başlanılıb.

Vətəndaşların, demək olar ki, böyük əksəriyyətini yeni sənədin xüsusiyyətləri ilə bağlı çoxlu məsələlər düşündürür. Onlar biometrik pasportların hazırkı şəxsiyyət vəsiqəsindən və xarici pasportlardan fərqi, üstünlükləri, sənədin alınması qaydaları barədə məlumat əldə etməyə çalışırlar. İnsanları ən çox düşündürən məsələ isə hazırkı pasportların taleyi ilə bağlıdır, yəni onların müddəti başa çatmamış yenisini almaq vacibdirmi və s. suallar meydana çıxıb.

Məsələ ilə bağlı bir neçə dövlət strukturunun nümayəndələrinin fikirlərini təqdim etməyə ehtiyac var.

Biometrik pasportlar «Elektron Hökumət» proqramının və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərindən irəli gələrək hazırlanıb. Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət İşçi Qrup yaradılıb, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilib, pasportların təsviri və spesifikasiyası hazırlanıb.

İİN-dən verilən xəbərə görə, yeni nəsil pasportlar elektron daşıyıcısı (çip) olan elementlərə malikdir. Burada vətəndaşın biometrik texnologiyalar əsasında bütün əlamətləri və fizioloji xüsusiyyətləri təsvir olunub. Barmaq izi, gözün torlu və qüzehli qişaları, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yerişi və s. sənəddə xüsusi cizgilərlə öz əksini tapıb. Ölkədə İKT xidmətlərindən istifadə genişləndikcə, informasiya təhlükəsizliyi riskləri də artır. Bu məqsədlə sərhəd-keçid zonalarında yeni biotexnologiyalara ehtiyac yaranır. Biometrik pasportlar saxta sənədlərlə sərhədi keçmək niyyətində olan şəxslərin qarşısının alınması üçün yeni texnologiyadır. Biometrik eyniləşdirmə sisteminin yaradılmasında əsas məqsəd isə ölkənin milli təhlükəsizlik sisteminin daha güclü və etibarlı müdafiəsini təmin etməkdən ibarətdir. Biometrik informasiya vasitəsilə qanunsuz miqrasiya və cinayətkarlıq, kibercinayətkarlıq, terrorçuluq, digər halların qarşısını dərhal almaq mümkün olur.

Yeni pasportlar biometrik xarakteristikalara əsaslandığı üçün saxtalaşdırmaq çətindir. Bu pasportun loqosu bütün aeroportlarda və tranzit portlarda xüsusi oxuyucu qurğularla təchiz edilmiş sərhəd nəzarəti keçidlərində göstərilir və loqo beynəlxalq işarə hesab olunur, sənədin xüsusi çipə malik olduğu təsdiqlənir. Pasportlar vətəndaşların daha etibarlı eyniləşdirilməsinə (tanınmasına, identifikasiyasına) imkan verir.

Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb. «ASAN xidmət» Mərkəzindən qəzetimizə verilən məlumatlara görə, biometrik pasportlar hazırkı pasportların müddəti başa çatandan sonra alınmalıdır. Yəni vətəndaşlar ümumvətəndaş pasportunun müddəti başa çatanadək xarici ölkələrə səfərlərində ondan istifadə edə bilərlər. Hazırkı pasportların müddəti bitdikdən sonra vətəndaşa biometrik pasport veriləcək. Eləcə də şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə ehtiyac yoxdur. Pasportların qiymətləri sənədin alınma müddətindən asılı olaraq dəyişir. Yeni pasportların əsas fərqlərindən biri onların uşaqlara verilməsinin tətbiq olunmasıdır. Sənəd üçün ödəniləcək rüsumlar uşaqlar üçün aşağı məbləğdə müəyyən olunub. Belə ki, 1 yaşınadək uşaqlar üçün biometrik pasportlar 10 iş günü ərzində verilirsə 10 manat, 5 iş günü ərzində 20 manat, 1 iş günü ərzində 40 manat rüsum ödənilməlidir. 1-3 yaş arası uşaqlara görə 10 iş günü üzrə 20 manat, 5 iş günü üzrə 40 manat, 1 gün üzrə isə 80 manat rüsum ödənilir. 3 yaşdan 18 yaşadək uşaqlar üçün biometrik pasportlar 10 iş günü ərzində verilirsə 30 manat, 5 iş günü ərzində 60 manat, 1 iş günü ərzində isə 120 manat rüsum tələb olunur. 18 yaşdan yuxarı vətəndaşlar üçün isə rüsumlar dəyişmir. Belə ki, vətəndaş pasportu 10 günə almaq istəsə 40 manat ödəyəcək. Əgər 5 gün ərzində almaq istəyirsə 80 manat, 1 günə istəyirsə 160 manat rüsum ödəməli olacaq.

Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti biometrik pasportları «e-pasport» ( «elektron pasport») kimi təqdim edir. Yəni bu sənədlər elektron daşıyıcıya malik olduğundan, xüsusiyyətlərinə görə, İKT-nin ən son yeni nəsil vasitələrini özündə əks etdirir, e-xidmətlərin tətbiqinin bir nümunəsi kimi qiymətləndirilir. Ümumiyyətlə, biometrik texnologiyalar dövlətin yeni elektron xidmətlər şəbəkəsinin tərkib hissəsi olmaqla informasiya texnologiyalarının insan həyatına geniş nüfuzunun göstəricisi sayıla bilər. Cəmiyyətdə elektron vasitələrdən istifadənin geniş miqyas alması onların İK texnologiyalarından daha səmərəli istifadəsinə və bürokratik əngəllərin aradan qalxmasına səbəb olur.

Ölkəmizdə vətəndaşlara müasir texniki xidmətin ən yüksək dünya standartları səviyyəsində göstərilməsi sahəsində də məqsədyönlü tədbirlər görülür. İlk biometrik pasportun hazırlanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Məqsəd dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin çeşidinin yüksəldilməsi, bu istiqamətdə görülən işlərin operativ həlli və bürokratik əngəllərin aradan qaldırılmasından ibarətdir. Biometrik texnologiyaların tətbiqi sayəsində vətəndaşlar tamamilə bürokratik maneələrdən azad olur, sənəd təqdim etmələri və digər məsələlərlə bağlı işlərini asanlaşdırır. Bu texnologiyaların geniş tətbiqi nəticəsində birbaşa şəxsiyyəti təsdiq edən pasport, viza və digər sənədlərin əldə olunması şəffaf və operativ şəkildə həyata keçirilir, bu isə birbaşa elektron xidmətlərdən istifadə sayəsində mümkün olur. Ona görə də yeni nəsil pasportlar e-hökumətin identifikasiya sisteminin ən vacib komponenti kimi yüksək qiymətləndirilməlidir.

ELBRUS