Vergiler.az

Ərk qalası

 

 

   Elxanilər dövrü orta əsr Azərbaycan memarlığı və şəhərsalma sənətinin inkişafında ən məhsuldar mərhələ olmuşdur. Bu dövrün ən böyük memarlarından biri Əlişah Təbrizi idi. Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Təbrizi zəngin tacir və Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur. Onun zəngin yaradıcılıq irsindən Təbrizdə Şənb Qazan və Əlişah Cümə məscidi kompleksləri, Sultaniyyədə saray ansamblı, xeyriyyə kompleksi, cümə məscidi aşkarlanıb tədqiq edilmişdir. Xacə Tacəddin Əlişah 1311-ci ildə vəzir təyin edilmiş və elə həmin il də qalanın özülü qoyulmuşdu.  Bu kompleksə cümə məscidi, mədrəsə, türbə, hamam və bazarlar daxil idi. Təbrizin ən böyük məhəlləsinin meydanında - Narmiyan məhəlləsinin Köhən-Köhnə meydan adlanan yerində tikilmiş və islam dünyasının ən iri dini komplesklərindən olmuş bu nadir memarlıq ansamblından Əlişah Cümə məscidinin «Ərk qalası» adı ilə məşhur olan bir bölümü qalmışdır. Memarın başlıca məqsədi Sasanilərin əzəmət simvoluna çevrilmiş və keçilməz sayılan Mədaindəki Xosrov tağını (Taq-i Kəsrani) ölçü etibarilə ötmək idi və buna da nail oldu. Kəsra eyvanının aşırımı  25,65 m olduğu halda Əlişah məscidi tağbəndinin aşırımı 30,15 m olmuşdur. Kəsra eyvanının hündürlüyü 37 metrdir. Əlişah məscidinin tağbəndinin hündürlüyü isə 40 metrdən uca imiş. Əlişah məscidi hələ tikilib qurtarmamış bütün islam dünyasında məşhur olmuşdu.

Əlişah məscidinin əsasına qoyulan ideya sonrakı inkişafını Türküstanda aldı. Dünyanı iki hökmdar üçün kiçik sayan Əmir Teymurun (1370-1405) tikdirdiyi iri ölçülü komplekslərin - Şəhrsəbzdə Ağsaray, Səmərqənddə Bibixanım və Türküstan şəhərində Əhməd Yasəvi xatirə-kompleksi kimi məşhur abidələrin ümumi memarlığının ilham qaynağı  Əlişah məscidi olmuşdur.

Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilmişdir.  Qacar şahzadəsi Abbas Mirzə sonradan burada qorxana-gözətçi yeri tikdirmişdir. XX əsrdə Təbrizin şəhər qala divarları kimi, iç qalası da dağıldıqdan sonra  «Ərk qalası» adı Əlişah məscidinin qalığına keçmişdir. Sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olmuşdur. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan xəsarət almışdır.

İndi Ərk qalası Təbrizin simvolu, böyük Elxani dövlətinin paytaxtı olmasının son şahididir.

Abidə bir neçə dəfə bərpa edilsə də, hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Səbəb qalanın qabağında tikilən böyük bir məsciddir. Yeni tikilən azman məscid «Ərk»in kənardan görünməsinin qarşısını alır.