Vergiler.az

Ağqoyunlu dövləti

 

    Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu XV əsrin ən güclü dövlətləri sayılırdı. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin ərazisi Cənubi Azərbaycanı və Qarabağı, şimalda Kür çayına qədər Gəncə və Şəmkiri əhatə edirdi. Hər üç dövlətin quruluşu əsaslı fərqlənmirdi. Fərq orasında idi ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət aparatında Azərbaycan tayfalarının hərbi-feodal əyanları - baharlı və bayanduri tayfaları rəhbər rol oynayırdılar. Hər iki sülalənin dövlət başçıları «padşah», Ağqoyunlu padşahları isə «sultan» titulu daşıyırdılar. Şirvanda isə dövlət hakimiyyəti əhalinin feodal əyanlarına mənsub idi. Şirvan dövlətinin başçıları özlərini «şah» adlandırırdılar.

1284-1291-ci illər arasında Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olan ağqoyunlular Azərbaycan, Bayburt, Harput, Diyarbakır, Bitlis bölgələrində məskunlaşaraq öz dövlətlərini qurmuşdular. 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoymuş Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etdi. Paytaxtı Təbriz şəhəri olan Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Burada məqsəd beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini sahmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqaməti Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Fateh Sultan Mehmet ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı. Ağqoyunlu dövləti II Mehmet tərəfindən Kiçik Asiyanın şərq hissəsinin tutulmasına ciddi təhlükə kimi yanaşırdı. Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. 1461-ci ildə Trabzona hücum edən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu və osmanlıların Trabzona hücum etməməsi üçün Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi. Sultan öz düşərgəsində Sara xatunu hörmətlə qarşıladı. Onlar danışıqlar zamanı bir-birinə «ana»-«oğul» deyə müraciət edirdilər. Lakin II Mehmet Trabzona hücum etmək fikrindən əl çəkmədi və 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də Trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü ağqoyunluların sarayında təzələndi. Trabzonun osmanlılar tərəfindən fəthi ilə ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər. Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi. Uzun Həsən bunun intiqamını almaq üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya ilə ittifaqa girmiş, 1472-ci ildə Venesiya və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdı. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etibar edərək, 1472-ci ilin yazında ağqoyunlular Osmanlı dövlətinə hücum etdilər və döyüşdə qalib gələrək Aralıq dənizi sahillərinə çıxdılar. Lakin Venesiya vədini yerinə yetirmədi...

1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi, onu Azərbaycan-Osmanlı sərhədində yerləşən Sivasa hakim təyin etdi... Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı. Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq onun Ərdəbil hakimləri ilə münasibətləri pisləşdi. Beləliklə, daxili ziddiyyətlər dövləti süqut etməyə yaxınlaşdırdı və Azərbaycan xalqının tarixində xüsusi yeri olan Ağqoyunlu dövləti 1503-cü ildə dağıldı.