Vergiler.az

Memar Əcəmi

 

    XII əsrdə yaşayıb-yaratmış Əcəmi Əbubəkr oğlu Naxçıvani orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, öz sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü «Əbubəkr oğlu Əcəmi, naxçıvanlı memar» adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintez halında birləşdirdiyi aydın görünür.

Əcəminin  yaradıcılığı 12-ci əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Onun yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında «Atababa günbəzi» adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrdən sayılan Mömünə xatun türbəsini isə Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında «Atabəy günbəzi» adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə inşa edilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi.

Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (13 əsr), Qarabağlar türbəsi (12-14 əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (16 əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.

Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış «Əcaib əd-dünya» adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: «Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı («dar-ül-mülk») və hökumət binaları (dövlətxanalar) tikildi...»

Memar Əcəminin ölməz sənəti tarixin sonrakı dövrlərinin sənətkarları üçün faydalı örnək olmuşdur.