Vergiler.az

Maliyyə şəffaflığının təmin olunmasında auditin inkişafı mühüm əhəmiyyət kəsb edir

 

Azərbaycan Respublikası Auditorlar Palatasının  sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun müsahibəsi

 

- Vahid müəllim, şəffaflığın artırılması və maliyyə  nəzarətinin təkmilləşdirilməsi istiqamətində Auditorlar Palatasının rolunu necə qiymətləndirmək olar?

- Çox əlamətdar haldır ki, ölkə başçısının 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda audit xidmətinin təkmilləşdirilməsinə xüsusi bölmə ayrılmış və bir sıra mühüm işlərin yerinə yetirilməsi Auditorlar Palatasına tapşırılmışdır. Müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla «Auditor xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər)» layihəsinin hazırlanması, məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi (Vergilər Nazirliyi ilə birgə), daxili audit haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması (Maliyyə Nazirliyi və Hesablama Palatası ilə birgə) bu tədbirlər arasında xüsusi yer tutur.

- Milli Fəaliyyət Planında auditə xüsusi önəm verilməsi auditin özündə müəyyən problemlərin mövcudluğundan xəbər vermirmi?

- 2000-ci ilin əvvəllərindən başlayaraq bütün dünyada investorlar və bazar iştirakçılarının, o cümlədən dövlətlərin özünün də auditə etibarının azalması kimi neqativ bir proses müşahidə olunmaqdadır. 2008-2009-cu illərdən güclənən dünya maliyyə böhranı auditor hesabatlarına münasibəti bir qədər də dəyişmişdir. Belə bir sual yaranır: necə olur ki, auditorların müsbət rəy verdikləri qurumların fəaliyyətində sonradan çox ciddi qüsurlar, fırıldaqçılıq və korrupsiya halları özünü büruzə verir, müsbət audit hesabatının verilməsindən cəmi bir neçə ay sonra banklar və digər qurumlar müflisləşir.

Bizim fikrimizcə, bütün bunların əsasında auditin klassik prinsiplərindən ən birincisi kimi qiymətləndirilən müstəqillik  prinsipinin pozulması durur. Müstəqillik prinsipini pozmaqla bir çox idarəetmə qüsurlarının, vergi-maliyyə  fırıldaqlarının ört-basdır edilməsinə xidmət, nəticədə, auditin digər vacib prinsipinin - obyektivliyin pozulmasına gətirib çıxarır.

Təsadüfi deyildir ki, Avropa Komissiyasının müzakirəyə çıxardığı «Yaşıl sənəd»də auditin rolunun gücləndirilməsi və auditorun müstəqilliyinin qorunması kimi müddəalar ön plana çəkilmişdir. Bu proses indinin özündə də  davam etməkdədir.

Auditorlar Palatasının son illər apardığı sorğular zamanı respondentlərin bir hissəsi auditin aparılması səviyyəsinə, qanunvericiliyin tələblərinə riayət edilməməsinə, auditorun peşəkarlığının və səriştəliliyinin kifayət qədər olmamasına, yoxlama apararkən auditorun əhəmiyyətli nöqsanları aşkar etməməsinə, auditorun müqavilədə öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə icra etməməsinə, obyektivlikdən uzaq olmasına və qərəzli mövqe tutmasına, verilən rəyin subyektin fəaliyyəti haqqında tam və dolğun mənzərə yaratmamasına və auditor tərəfindən məxfiliyə əməl edilməməsinə narazılıqlarını bildirmişlər.

- Belə olan halda auditin gələcək inkişafını  necə görürsünüz?

- Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, artıq beynəlxalq təcrübə nəzərə alınmaqla auditor xidmətinin inkişaf konsepsiyası layihəsinin hazırlanması üçün Auditorlar Palatasında mütəxəssislərin iştirakı ilə işçi qrup yaradılmışdır. Auditin inkişaf konsepsiyasının hazırlanması bir sıra məsələlərə müasir yanaşma tələb edir. Bunlardan biri iqtisadiyyatda auditin rolu və əhəmiyyətini düzgün müəyyənləşdirməkdir. Biz belə bir yanaşmanı dəstəkləyirik ki, audit yalnız mühasibat və maliyyə hesabatlarının düzgünlüyünün müəyyənləşdirilməsi aləti kimi yox, həm də bu hesabatlılığın keyfiyyətinin yüksəldilməsinə və bütövlükdə iqtisadiyyatın səmərəliliyinə xidmət edən mühüm infrastruktur sahəsi kimi  qəbul edilməlidir. Başqa sözlə, müasir şəraitdə təsdiqedici auditdən təsdiqedici analitik auditə keçilməlidir. Audit mühasibat uçotunun aparılması və hesabatlılığın normativ aktlara uyğunluğunun yoxlanılması ilə yanaşı, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qiymətləndirilməsinə, onların fəaliyyətinin təhlilinə və inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməlidir.

Digər bir mühüm məsələ idarəetmədə  qərarlar qəbul edilərkən informasiya riskinin optimal səviyyədə olmasına auditin təminat verməsidir.

- Məcburi auditdən yayınmanın qarşısının alınması həllini çoxdan gözləyən problemlər sırasındadır...

- Prezident İlham Əliyevin təqdimatı əsasında Milli Məclis 2011-ci il  fevralın 11-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə «Məcburi auditdən yayınma» adlı yeni maddə əlavə etmişdir. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin 300 manatdan 600 manatadək, hüquqi şəxslərin 1500 manatdan 2500 manatadək cərimə edilməsi nəzərdə tutulur.  Təəssüf ki, konkret tədbirlər görülmədiyindən bu sahədə ciddi irəliləyiş yoxdur. Hesab edirəm ki, hazırlanacaq konsepsiyada bu məsələ də öz həllini tapmalıdır.

- Milli Fəaliyyət Planında beynəlxalq standartların tətbiqinə xüsusi önəm verilmişdir. Bu sahədə hansı işlərin həyata keçirilməsi nəzərdə tutulur?

- Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planında müstəqil audit sahəsində beynəlxalq standartların tətbiqi ilə əlaqədar tədbirlərin davam etdirilməsi auditor xidmətlərinin təkmilləşdirilməsinin vacib istiqaməti kimi Auditorlar Palatasına tapşırılmışdır. Beynəlxalq standartların tətbiqi istiqamətində görülən işlər ölkəmizdə bazar iqtisadiyyatına keçid  mərhələsinin başa çatmasına uyğun olaraq və dövlət başçısının tövsiyə və tapşırıqları əsasında həyata keçirilir. Bu sahədə qarşımızda duran ciddi vəzifələrə hüquqi və normativ bazanın davamlı olaraq təkmilləşdirilməsi və müntəzəm yenilənməsi, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, kadrların hazırlanması və ixtisasartırmanın təkmilləşdirilməsi, müvafiq normativ bazanın monitorinqi və beynəlxalq standartların tətbiqinə uyğunlaşdırılması  daxildir. Bu işlərə 2010-cu ildən başlanılmış və Beynəlxalq Mühasiblər Federasiyası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə həyata keçirilir.

- Vergilər Nazirliyi  və Auditorlar Palatası arasında partnyorluq sazişi müəssisələrdə maliyyə şəffaflığının təmin olunması yolunda mühüm addım hesab edilir. Sazişə uyğun olaraq indiyədək  hansı işlər görülmüşdür?

- Bu iki qurum arasında əməkdaşlıq sazişi 2004-cü ildən mövcuddur. Hələ 2005-ci ildə «Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında»  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» ölkə başçısının 2005-ci il 16 noyabr tarixli fərmanında göstərilir ki, «Vergilər Nazirliyinə və Auditorlar Palatasına tapşırılsın ki, qanunvericiliyə əsasən məcburi  auditdən  keçməli olan təsərrüfat  subyektlərində maliyyə şəffaflığını artırmaq, dövlət büdcəsinə və büdcədənkənar fondlara vergi və ayırmaların müvafiq hesabatlarda düzgün əks etdirilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər». Bu tapşırığın icrası istiqamətində hər iki qurum məhsuldar əməkdaşlıq etmiş, müəyyən  irəliləyişlərə nail olunmuşdur.

Əməkdaşlıq sazişi audit və vergi sahəsində qanunun aliliyi prinsipinin  bərqərar olması, sahibkarlıq subyektlərinin maliyyə və vergi hesabatlarında şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin görülməsi,  vergidən və auditdən yayınma hallarının aradan qaldırılması və bütövlükdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilən nailiyyətlərin möhkəmləndirilməsi sahəsində Vergilər Nazirliyinin və Auditorlar Palatasının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədini daşıyır və uğurla icra olunur. Qeyd etməliyəm ki, bizim tərəfimizdən həmin məqsədlərlə Vergilər Nazirliyinə edilən çoxsaylı müraciətlərə istisnasız olaraq yüksək səviyyədə baxılmışdır. Əməkdaşlığımız nəticəsində auditin tənzimlənməsi sahəsində, xüsusilə auditdən yayınmanın qarşısının alınmasında mühüm tədbirlər həyata keçirilmiş, bir neçə normativ-hüquqi sənədin layihəsi hazırlanmış və müvafiq orqanlar tərəfindən qəbul edilmişdir.

Hazırda Vergilər Nazirliyi ilə əməkdaşlığımızda yeni mərhələ başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012- ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012 -2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 13.3-cü - «Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi» bəndinin icrası ilə əlaqədar kompleks tədbirlər həyata keçirilir. Yaxın vaxtlarda birgə tədbirlərin təşkili də nəzərdə tutulmuşdur. Əminik ki, məhsuldar əməkdaşlığımız ölkəmizdə maliyyə şəffaflığının təmin edilməsinə və artırılmasına öz töhfəsini verəcəkdir.

 

Müsahibəni hazırladı: Rəşad SADIQOV